Əsas səhifə > Uncategorized > Vətəndaşa ölüm marşı….

Vətəndaşa ölüm marşı….

Tikilən körpü, cəkilən bəzəkli asfaltla təhsili, sağlamlığı olmayan vətəndaş hara gedir….

Azərbaycanın analoqsuz inkişafı, Qafqazın “lider” ölkəsi, hətta ABŞ-ı, bəzi Avropa ölkələrini inkişaf yarışında “ötməsini” hakimiyyət KİV-lərindən hər gün, hər saat və hər an eşidirik. Biz də təsdiqləyirik ki, inkişaf var. Amma bu inkişaf özünü vətəndaşın sosial problemlərinin həllində yox, məmurların villalarının, xarici banklarda kapitallarının artmasında, şirkətlərinin çoxalmasında özünü göstərir. Həm də seçkilərin saxtalaşdırılması, vətəndaşların konstitusion hüquqlarının, söz, mətbuat azadlığının, hətta vətəndaşın adicə hüquqlarının pozulması sahələrində o qədər irəlidəyik ki, Qərbi bizə “həsəd” aparır.

Milli Məclis 2011-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi. Büdcənin həcmi 3,5 milyard manat artaraq 15,5 milyard manata çatıb.  Hökumətin yetkililəri izah etdi ki,  büdcəyə əlavə olunan pulların 1 mlrd. manatdan çoxu pensiyaların və maaşların artırılmasına xərclənəcək. Bəs yerdə qalan 2,4 mlrd. manat? Bu məbləğ büdcənin “əsaslı vəsait qoyuluşu xərcləri”nə yönəlir.

Göyə sovrulan büdcə…

 Hökumət həm büdcə artımını, həm də sosial istiqamətdə ayrılan pul kütləsinin çoxluğunu böyük uğur kimi təqdim edir. Amma quru statistikada yer alan milyonlar üzərində ötəri araşdırma vəziyyətin tamamilə fərqli olduğunu göstərir. Ayrı-ayrı sahələr üzrə dövlət büdcəsinin son beş ildə xərcləri aşağıdakı kimi olub: 2007-2011-ci illərdə təhsil xərcləri 5525,8 milyon manat, tikinti xərcləri 19795,1 milyon manat, səhiyyə xərcləri 2976,1, sosial müdafiə və sosial təminat xərcləri 5267,4, mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərcləri isə 331,922 milyon manat təşkil edir. Başqa sözlə hakimiyyət başında olan komandanın tikintiyə sərf etdiyi pul bütün digər sahələrə ayrılan kapitaldan çoxdur. İndidən situasiya eynidir. Cari il üçün büdcədən təhsilə 1399,8 milyon manat, tikinti işlərinə isə 5867,1 milyon manat xərclənəcəyi proqnozlaşdırılır.

Bu ölkədə körpü tikib, yol çəkməyə ayrılan pullar heç nəyə ayrılmır. Asfalt cəkilir, sonra yaddan çıxan kabelllər, kanalizasiya xətləri və digər şeylərə görə sökülüb yenidən çəkilir; Bakı küçələrinə piltə döşənir, sonra sökülüb yenidən döşənir. Binalar, hətta tarixi abidələr ağardılır.

Bir sözlə, büdcə boş yerə xərclənir, göyə sovrulur, daha doğrusu, ciblərə doldurulur.

Hər il pensiya, maaşlar “artırılır”. Gedək bir pensiyaçının evinə, görək aldığı 100 manatla neçə gün dolana bilir?!

Kimlərinsə oğulları bu millətin pullarını Avropada, Amerikada barlarda, restoranlarda xərcləyir. Azərbaycanda isə vətəndaş bir tikə çörəyə möhtacdır. Verilən maaşlar, pensiyalar qaz, işiq, su və digər xərcləri ödəmir. Vətəndaş kommunal xərcləri verə bilmir. Süründürülən vətəndaşın güzəranı bunların ürəyincədir və bundan ləzzət alırlar…

Təhsili olmayan millət…

Azərbaycan hökuməti son 5 ildə tikintiyə 19,8 milyard manat (təxminən 25 milyard dollar) xərcləyib – eyni illərdə ölkədə təhsilə 5,5 milyard, səhiyyəyə isə 2 milyard manat ayırıb. Beş ildə təhsilə ayrılan vəsait tikintiyə ayrılandan beş dəfəyədək azdır. Onu da nəzərə alaq ki, təhsilə ayrılan 5.5 milyard manatın 70%-i maaşlara hesablanıb.

Təhsili bərbad gündə olan, səhiyyəsi, millətinin sağlamlığı yerində olmayan vətəndaşın o körpülər, cəkilən asvalt, tikilən binalar nəyinə lazım?!

Yazıb oxuya bilməyən, rüşvət verib qiymət yazdıran, diplom alan vətəndaş bu gedişlə hara gedəcək? Adicə müalicə və səhiyyə xidmətləri üçün qonşu ölkələrə, bəyənmədiyimiz İrana üz tutan vətəndaş o körpü və asfaltla hara gedəcək?

 Özünü asan vətəndaş…

Bütün bu sadalananlardan sonra “anoloqu olmayan inkişaf”ın intihar statistikasına da nəzər salmaq pis olmaz. Ötən il 9 milyon nəfərlik əhalisi olan Azərbaycanda 289 intihar hadisəsi olubsa, 70 milyonluq əhalsi olan Türkiyədə 300 nəfər özünü öldürüb. Bununla ölkədə intihar səviyyəsinin miqyasını göstərmək olar. Cari ilin 4 ayının intihar hadisələrinin statistikası isə ortaya daha dəhşətli faktlar qoyur. Belə ki, son aylarda həyatından bezib ölümü seçənlərin sayı 86 nəfər olub.

Milyonçu məmləkətin dilənçi vətəndaşlarının taleyi budur və ölkənin ən böyük təbii sərvəti olan neft öz xüsusiyyətlərini bu və ya digər şəkildə bu vətəndaşların taleyinə köçürür: ya onların taleyi qara rəng alır, ya da özləri yeraltına köçür…

Kateqoriyalar: Uncategorized
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: