VHP-20
“Biz VHP-çilər olaraq hesab edirik ki, bizim üçün “Dünya” deyilən anlayış
elə YOLdan ibarətdir və YOL dəyişmək də elə dünya dəyişmək kimi ağır bir faciədir”
Bu gün 26 sentyabrdır. Vətəndaş Həmrəyliyi Partiyasının təsis edilməsindən düz 20 il ötdü. Mən siyasi fəaliyyətə VHP-də başlamışam və VHP mənim ikinci evimdir. VHP həm də bizim üçün siyasi bir məktəb və müqəddəs ocaqdır. VHP-də qazandığım dostlarım mənim əbədi yol yoldaşlarımdılar.
Biz VHP-çilər olaraq hesab edirik ki, bizim üçün “Dünya” deyilən anlayış elə YOLdan ibarətdir və YOL dəyişmək də elə dünya dəyişmək kimi ağır bir faciədir. Lakin biz adamları çörəklə, azadlıqla, uşaqlarının taleyiylə sınağa çəkən reallıqları nəzərə almalı və insanların bu duruma düşməsinə anlaşıqlı yanaşmalıyıq.
VHP hesab edir ki, Dövlət insanların hüquq və azadlıqlarını qorumaq üçün yaradılmışdır. Onun orqanlarının bütün istiqamətləri QANUNVERİCİLİK, İCRA və MƏHKƏMƏ hakimiyyəti vətəndaşların iradəsi ilə formalaşmalıdır.
Dünyada ən yaxşı Qanun xalqın, ölkədə yaşayan bütün vətəndaşların xoşbəxtliyinə nail olmaqdır. Ən ali icra qanunların əməldə hamı üçün bərabər olmasıdır. Ən güclü hakim ədalətdir.
Ölkənin böhrandan çıxarılmasının ilkin şərti dövlət quruculuğunun bütün istiqamətlərində qanunların işləməsini təmin etməkdir. Azərbaycanın suverenliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, hüquqi, dünyəvi, demokratik dövlətin bərqərar olması, Qarabağ probleminin həlli üçün QANUNVERİCİLİK, İCRA və MƏHKƏMƏ orqanlarının fəaliyyəti bütünlüklə xalqın mənafeyinə xidmətə tabe etdirməlidir.
Xalq dövlət üçün deyil, dövlət xalq üçündür!
Azərbaycanın hər bir vətəndaşının azad, firavan yaşaması, qanunların və onun icrasının hamı üçün bərabər, ali və ədalətli olması uğrunda mübarizə VHP-nin fəaliyyət Məramnaməsinin əsas istiqamətidir. Dövlət orqanlarının bütün strukturlarında avtoritarizmə, monopoliyaya, tayfabazlığa, korrupsiyaya, rüşvətxorluğa, haqsızlığa qarşı barışmaz mübarizə bizim mövqeyimizdir. Haqqı mənimsənilənlə başqasının haqqını mənimsəyən birləşə bilməz. Yalnız ədalətli qanunlar, onların hər bir insan üçün aliliyi baxımından tətbiqi xalqı birləşdirir, cəmiyyəti inkişaf etdirir, dövləti möhkəmləndirir.
Ədalət dövlətin ləyaqəti, cəmiyyətin tərəqqisi, vətəndaşların həmrəyliyidir. Ədalətsizlik dövlətin qüsuru, cəmiyyətin tənəzzülü, vətəndaşların ixtilafıdır.
İlk qurultayında VHP öz yaranma şəraiti və məqsədlərini aydın ifadə etmişdi:
“Biz Azərbaycanda hansı dövləti qururuq? Demokratik, azad Azərbaycanın siyasi platforması necə olacaq? XXI yüz il Azərbaycanı hansı dövlətçilik və idarəçilik modeli əsasında inkişaf edəcək? Bu məsələlərdə aydınlıq yoxdur…”
Ölkə ərazisini xarici işğalçılardan təmizləmək və etibarlı dinc quruculuq yoluna çıxarmaq üçün Vətəndaş Həmrəyliyi ideyasının reallaşmasının zərurəti barədə təsis qurultayında deyilən fikirlər bu gün də qüvvədədir: “…Vətəndaş Həmrəylıiyi olmayan yerdə heç nə mümkün deyil, nə istiqlal, nə qurtuluş, nə sosial-demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə Doğru Yoldan, nə Ana Vətən qoruna bilər, nə də Ana Torpaq…”
20 ildir VHP milli birlik və Vətəndaş Həmrəyliyi ideyasını ölkənin yeganə nicat yolu kimi təbliğ edir.
Azərbaycanın siyasi leksikonuna və siyasi həyatına “vətəndaş həmrəyliyi” ideyasını biz gətirmişik. Partiya – adi hakimiyyətə gəlmək ehtirasından doğulmayıb, 20 il əvvəl ölkənin düşdüyü ağır müharibə şəraiti, separatizmin, bölgüçülüyün, tayfabazlığın, hakimiyyət uğrunda mübarizələrin kulminasiya nöqtəsinə çatdığı, üstümüzə neçə tərəfdən dişlər qıcandığı nəzərə alınanda milli birliyin və vətəndaş həmrəyliyinin həyatın diqtəsi, xalqın xilas yollarından biri olduğu aydınlaşır.
İlk rəhbərlik
VHP-nin ilk Ali Məclisinin üzvləri Sabir Rüstəmxanlı, Qəmbər Əsgərov, Cəbrayıl Əlinağıyev, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Eyvaz Borçalı, Bəhmən Sultanlı, Mirmahmud Mirəlioğlu (Fəttayev), İslam Qəribov, Valeh Əliyev, Malik Mehdiyev, Elxan Mirzəyev, İbrahim Əliyev, Əjdər Qasımov, İdris Dadaşov, Aydın Səlimzadə, Məsiağa Məhəmmədi, Telman Vəlixanlı, Telman Qardaşov, Ənvər Əliyev, İmamverdi İsmayılov, Zeydulla Ağayev, Şaban Şahbazov, Mədət Rüstəmxanlı, Rafiq Vəlizadə, Aslan Quliyev, Arkadi Şuyski, Sevinc Rüstəmova, Nadir İbadov, Sadıq Həşimov, Məmməd Kazım, Şəfi Daniyalov, İbrahim Yusifzadə olublar.
Müxalifət birlikləri
VHP bu günə kimi müxalifət partiyalarının təşkil etdiyi birlik, blok və digər qurumlarda təmsil olunub, SİDSUH, DUH, Dəyirmi Masa, Demokratik Konqres, Müxalifətin Koordinasiya Mərkəzinin formalaşmasında iştirak edib.
Bu gün də partiya rəhbərliyinə daxil olan şəxslərin böyük əksəriyyəti müxalifətin ən böyük birliyi olan İctimai Palatada təmsil olunurlar. VHP Ali Məclisinin sədri Rafiq Manaflı İctimai Palatanın Koordinasya Şurasının üzvüdür.
VHP-nin sədri Milli Azadlıq Hərəkatının liderlərindən biri, Xalq şairi Sabir Rüstəmxanlıdır. Sabir Rüstəmxanlı 1991-ci ilin 18 oktyabrında qəbul edilən Dövlət Müstəqilliyinin Bərpası haqqında Aktın müəlliflərindən, Azərbaycanın 43 İstiqlalçı Deputatından biridir.
VHP Siyasi Şurasının üzvləri: Sabir Rüstəmxanlı, Rafiq Manaflı, Fəzail İbrahimli, Nurəddin Mehdixanlı, Elxan Mirzəyev, Samir Əsədli, İbrahim Quliyev, Əlövsət Əliyev, Arif İsmayılbəyli, Ofelya Rəşidqızı, Yusif Salmansoy, Şəmsəddin Mirzəxanlı, Faiq Balabəyli, Nəsimi Şərəfxanlı.
VHP-nin Nərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri: Felmar Ələkbərov (sədr), Səidə Dadaşlı, Sabir Kərimov, Saleh Salayev, Faiq Əliyev, Zeynəlxan Fətullayev.
VHP Gəncləri
VHP-nin fəal və aparıcı üzvləri sırasında gənclər xüsusilə fərqlənirlər. Partiya Ali Məclisi üzvlərinin əksəriyyəti gənclərdən ibarətdir. Həmçinin rayon təşkilatlarında da rəhbər strukturlarda gənclər təmsil olunurlar.
Bu gün VHP Gənclər Təşkilatı ölkənin aparıcı gənclər təşkilatından biridir. Təşkilatın üzvləri öz fəallıq və aktivliyi ilə seçilirlər. Həm ölkədə, həm də xaricdə təşkil olunan tədbirlərdə fəal iştirak edirlər. Gənclərimiz azərbaycanın müxalif və müstəqil təşkilatlarının təsis etdiyi Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin fəal üzvlərindən olub. 17 mart 2012-ci ildə ölkədə gənclərin keçirdiyi ilk mitinqin təşkilatçılarından biri də VHP GT-dır.
VHP Gənclər Təşkilatına müxtəlif vaxtlarda Müşfiq Talıblı, Talıb Əhədov, Samir Əsədli, Vasif Həsənli, Elçin İmanov, Pərviz Həsənov, Ceyhun Nəbiyev, Emil Bağırov və Baba Qamətli rəhbərlik ediblər.
Hazırda Gənclər Təşkilatının sədri Pünhan İmamlıdır.
VHP-nin qadın qolu
VHP-nin aparıcı qüvvələrindən biri də qadınlardılar. VHP-çi qadınlar Siyasi Şurada və Ali Məclisdə təmsil olunurlar. Uzun müddət VHP Təşkilat Şöbəsinə rəhbərlik edən Almaz Qərəmanlı hazırda partiyanı namizədi kimi Mərkəzi Seçki Komissiyasının üzvüdür.
Bu gün VHP-nin 4 rayon təşkilatına qadın sədrlik edir. Hazırda VHP Qadınlar Şurasına Sənubər Mehdiyeva rəhbərlik edir.
VHP Ağsaqallar Şurası
VHP-nin Ağsaqallar Şurası Siyasi Şura və Ali Məclisə tövsiyyələrini təqdim edir, ölkənin ictimai-siyasi həyatında baş verən proseslərlə və partiyanın siyasi addımları ilə bağlı məsləhətlər verir.
Əsasən, VHP-nin veteranlarından ibarət olan Ağsaqallar Şurasına professor Sabir Həsənov rəhbərlik edir.
VHP üzvləri
Sonda qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci il sentyabrın 26-da təsis edilib, 03 noyabr 1992-ci ildə dövlət qeydiyyatına alınıb.
VHP 1995, 2000, 2005 və 2010-cu illər parlament və bütün bələdiyyə seçkilərində iştirak etmiş, bütün çağırışlarda Milli Məclisdə təmsil olunmuşdur; hazırda Məclisdə 3 deputatı, müxtəlif bələdiyyələrdə isə 115 bələdiyyə üzvü var.
2003-cü ildə partiyanın sədri Sabir Rüstəmxanlı Azərbaycan Respublikası Prezidentliyinə namizədlərdən biri olmuşdur.
VHP bu günə kimi özünün 5 qurultayını keçirib. Hazırda partiyanın respublikanın 80 rayonunda yerli rayon və şəhər təşkilatı fəaliyyət göstərir. Partiyanın 26 mindən çox üzvü var.Partiyanın əlaqələri ölkə sərhədlərini aşmışdır.
Bu gün VHP seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir.
Vətəndaş Həmrəyliyi Partiyası humanist ideyalara, ümumbəşəri prinsiplərə və milli-dəyərlərə əsaslanan Məramnaməsini bəyan etməklə, bu prinsipləri qəbul edən hər bir fərdi azad, demokratik vətəndaş cəmiyyətin quruculuğu uğrunda bərabərhüquqlu əməkdaşlığa və birgə fəaliyyətə çağırır.
VHP – çoxlu gündəlik çörəyə möhtac olan sadə adamların, Azərbaycanın bütün vətəndaşlarına və bütün bölgələrinə eyni gözlə baxan əsl vətənpərvərlərin, ölkənin düşdüyü vəziyyətdən çıxarmağa qadir olan mütəxəssislərin və ziyalıların partiyasıdır.
VHP – bütün ruhuyla bu torpağa bağlı olan və vətənimizin gələcəyini ilk növbədə öz millətimizin birliyində görən əsl milli qüvvədir!
VHP – tam müstəqil, bütöv, güclü, insancasına yaşamağın bütün şərtlərin yerinə yetirlidiyi demokratik Azərbaycan partiyasıdır!..
Fotoqalereya…